Azərbaycan-Yaponiya mail  qrupuna üzv olmaq üçün buraya daxil olun.

 
Home

             

                    

              

       

PRESS RELİZ
 Özünü “Dövlət Adamı” kimi təqdim edən məmur Azərbaycanı rüsvay etdi.

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin sədri və bir qrup xarici və yerli qonaqlar
İsmayıllı rayonunda fiziki təzyiqə, təhqirə və qanunsuzluğa məruz qaldı.

Bütün bunları dəqiqləşdirmədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti hadisəni təhrif olunmuş şəkildə rəsmi internet saytında dərc etməklə çaşqınlıq yaratdı.


 21 iyun, 2007-ci il,
Bakı, Azərbaycan

       Uzun illərdir Vətəndən kənarda yaşayaraq Azərbaycanı uzaq Yaponiyada tanıtdıran, başımıza gətirilən müsibətləri və soyqırımları Yaponiya ictimaiyyətinə çatdıran və bütün bu olanlara hüquqi-siyasi qiymət verilməsi üçün dəridən qabıqdan çıxan, Azərbaycanı hərtərəfli Yaponiyada təbliğ edərək yapon turistlərinin ölkəmizə gəlişi üçün çalışan Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC) sədri Dr. Rəhman Şahhüseynli 17.06.2007-ci il tarixində özü ilə səfərə apardığı xarici və yerli qonaqlar İsmayıllı rayonunda bir qurup şəxsin zorakılığına, qanunsuz hərəkətlərinə və təhqirinə məruz qaldı. Zibilənmiş, çürümüş ağac və kol-kosla çəpərlənmiş, heç bir yazılı lövhəsi olmayan bir ərazinin dövlət qoruğu olduğunu iddia edərək gələn qonaqları həmin əraziyə buraxmayan Fətəliyev Vəzirxan Əlixan oğlu (Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı Dövlət Təbiət Qoruğu AA 03922 saylı vəsiqəsinə əsasən şəxsiyyəti müəyyənləşdirilmişdir; təqdim etdiyi vəsiqənin fotoşəkli də əlavə olunur) qanunsuz və əsassız hərəkətləri ilə səlahiyyət həddini aşdı, xarici və yerli qonaqları təhqir etdi, Azərbaycanın formalaşmaqda olan imicinə zərbə vurdu!
     AYDC sədri gəlişlərinin məqsədini dincəlmək və eyni zamanda Azərbaycanın səfalı yerlərini foto-video materiallarla Yaponiyada təbliğ etməklə bağlı olduğunu və bu işlərin dolayısıyıla ölkəmizin xarici ölkələrdə tanıdılmasına və dövlətin diaspora siyasətinə xidmət etdiyini izah etsə də qarşı tərəf “sənə də, sənin dövlətinə, onun disapor siyasətinə də…” cavabı vermiş, xarici və yerli qonaqlara qarşı kobud rəftar etmişdir. Əvvəlcə özünü “İsmayıllı xalqının oğlu” kimi təqdim edən və “mənim dobrom olmadan buralara kimsə gələ bilməz” deyə iddia edən bu şəxs AYDC sədri və onunla gələn qonaqları küçə söyüşləri ilə təhqir etmiş, onlara qarşı fiziki güc tətbiq edərək həmin ərazidən uzaqlaşdırmağa cəhd etmişdir. Qonaqlardan “İsmayıllıdan sürüşüb getmələrini” tələb edən məmur, əks təqdirdə onların “başına oyun açacağını” bildirmişdir.
     Gələn qonaqlar “sürüşüb” getmədiyi üçün söz verdiyi “oyun”una başlayan bu şəxs hay-küylə vəsiqəsini göstərib özünün “Dövlət Adamı” olduğu üçün və həmin ərazinin də dövlət qoruğu olduğunu üçün belə davrandığını iddia edərək əməllərinə, söyüş və təhqirlərinə haqq qazandırmağa çalışmışdır. Dəfələrlə mədəni davranmağa və etik qaydalara riayyət etməyə dəvət olunsa da, ərazidə dincələn çoxsaylı insanların da toplaşmasını görüb “öz gücünü göstərməkdə” israrlı olan bu məmur daha ağır ifadə və əl-qol hərəkətləri ilə qonaqları təhqir etməyə davam etmişdir.
     Həmin ərazidə faktiki olaraq villa tikildiyini, restoran və çayxananın fəaliyyət gösytərdiyini, hər tərəfdə insanların dincəldiyini və giriş-çıxışını əsas gətirən AYDC sədri bu ərazinin dövlət qoruğu olduğunu təsdiqləyən hər hansı bir sənəd və ya yazılı lövhə göstərilməsini xahiş etsə də qarşı tərəf heç bir lövhə və ya sənəd göstərməmiş, əvəzində əlindəki vəsiqəni az qala qonaqların gözünə soxan bu məmur “Sənəd bu! Davay, ...... buralardan!” deməklə kifayətlənmişdir.
     AYDC sədri bu rüsvayçılıq haqqında Bakıya qayıdarkən əlaqədar dövlət orqanlarına şikayət edəcəyini söylədikdə isə V. Fətəliyev “qara məni basınca mən qaranı basım” prinsipi ilə, özünü “sığortalamaq” üçün tez-tələsik Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və bir sıra digər orqanlara yalan və iftiralarla dolu yazı göndərmiş və hətta göndərdiklərini nazirliyin mətbuat xidməti vasitəsi ilə bir sıra qəzetlərdə və veb saytlarında dərc etdirməyə müvəffəq olmuşdur.
      Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti bütün bu olanları qınayır, bu cür özbaşınalıqlara son qoyulmasını tələb edir! Dünyaya səpələnmiş soydaşlarımızın min-bir əziyyət hesabına Vətinimizin müsbət imicinin formalaşmasına çalışdığı bır vaxtda bu məmurun hərəkətləri anlaşılmazdır, qəbuledilməzdir! AYDC, əlaqədar dövlət orqanlarından bu məmur haqqında qanuna müvafiq ölçü götürülməsini tələb edir; əlaqədar təşkilatlara bu və bu kimi məmurlara vətəndaş hüquqları, vətəndaşlarla davranış qaydaları və peşə səlahiyyətləri barədə yetərli bilgi verməyi tövsiyə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19.06.2007 tarixində rəsmi internet səhifəsində (http://www.eco.gov.az) həmin məmurun yalan və iftira ilə dolu məlumatını dəqiqləşdirmədən dərc etdiyindən AYDC təəsüflənir və həmin məlumatdan təkzib verilməsini tələb edir!
   (Yuxarıda bəhs edilən məmurun təqdim etdiyi vəsiqənin fotoşəkli aşağıda).