| |
ÇGeri
(Tədbirdən şəkillər aşağıda)
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti
(AYDC) 28 dekabr 2006-cı il tarixində Yaponiyanın Osaka şəhərində Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram ziyafəti
təşkil etdi. Keçiriləcək tədbir haqqında 1 ay əvvəlcədən AYDC-nin internet
səhifəsində elanlar dərc olunmuşdu. Tədbirə Yaponiyada yaşayan Azərbaycanlılar,
cənubdan olan soydaşlarımız, bu ölkədəki Türkiyə diaspora təşkilatlarının
nümayəndələri və eləcə də xeyli sayda yaponlar və müxtəlif millətlətlərin
nümayəndələri dəvət olunmuşdular. Azərbaycan Respublikasının Yaponiyadakı
səfirliyi də ziyafətə rəsmi dəvətli idi. Ancaq səfirlikdən görüləsi işlərinin
çoxluğu səbəbindən tədbirə gələ bilməyəcəkləri bildirilmişdi. Qeyd edək ki,
Həmrəylik Günü ilk dəfə idi ki, Yaponiyada belə geniş tərkibdə (cənublu-şimallı
Azərbaycanlılar və Türkiyəli soydaşlarımız) və rəngarəng programla qeyd
olunurdu.
Ziyafəti təşkil edən və maliyyələşdirən AYDC sədri, Osaka Universitetində
tədqiqatçı alim Rəhman Şahhüseynli idi. Milli xörəklərimizin hazırlanmasında,
qonaqların qarşılanmasında, dekorasiya və tərtibat işlərində Yoko xanım (yapon)
və digər AYDC üzvləri həmçinin Yaponiyada təhsil alan həmvətənlərimizdən Sveta
xanım, Günay xanım, Emil bəy və Vaqif bəy də fəal iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının və Yaponiyanın dövlət
himnlərinin səsləndirilməsi ilə başladı. R. Şahhüseynli açılış nitqi söyləyərək
ziyafət iştirakçılarını salamladı, AYDC-nin yaranma tarixindən və yaranma
zərurətindən, türk soylu xalqların coğrafiyasından, onların arasındakı qırılmaz
etnik bağlardan və eləcə də 1828-ci ildə Azərbaycanın 2-yə bölünməsindən və
müasir tariximizin ən qaranlıq səhifəsi olan Qarabağ və digər torpaqlarımızın
işğalından danişdı. Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyətinin
səmərəliliyi və effektililiyindən danışan R. Şahhüseynli Türkiyəli
soydaşlarımızla çiyin-çiyinə fəalliyyət göstərərək ortaq hədəflərimizə daha
asanlıqla yetişə biləcəyimizi bildirdi. Daha sonra söz çıxış edəcək
iştirakçılara verildi.
Yapon iştirakçılar adından çıxış edən Osaka
əyaləti Müəllimlərin Həmkarlar Komitəsinin sədri cənab Şuichi Aoki Azərbaycanla
yaxından tanışlığının 2004-cü ildə Rəhman Şahhüseynli ilə tanış olması ilə
başladığını bildirdi. Azərbaycan və Yaponiya xalqlarının dosluğunun və
bir-birilərini daha yaxından tanımasının zəruriliyini vurğulayan cənab Ş. Aoki
bundan sonra da AYDC-nin fəalliyətini dəstəkləyəcəyini və bu istiqamətdə əlindən
gələn hər şeyi edəcəyini bildirdi.
Cənubi Azərbaycandan olan həmvətənimiz Bəhnam Cahidzadə isə öz çıxışında
Azərbaycanın 2-yə parçalanmasının tarixinə toxunaraq torpaqlarımızın regionun
tarixi imperiyaları arasında bölüşdürülməsi faktını və bunun nəticəsində
Azərilərin ikiyə bölünüb iki əsrə yaxın qonşu imperiyaların əsarəti altında
yaşadığını diqqətə çatdırdı. Sovet imperiyasının çöküşündən sonra Azərbaycanın
müstıqillik tarixində yeni bir dövrün başlamasına baxmayaraq hələ də Azərilərin
əksəriyyətinin azadlıqlarını tam əldə etmədiklərini və milyonlarla Azərinin hələ
də imperiya əsarətində yaşadığını bildirdi.
Türkiyəli soydaşlarımızın adından çıxış edən Osaka Yaponiya-Türkiyə Cəmiyyətinin
həmsədri Fatih Yıldırım isə getdikcə dünyada sayı və nüfuzu artan türk soylu
xalqların parlaq gələcəyinə umidlə baxdığını vurğuladı. Dilimizin,
mədənəyətimizin və adət-ənənələrimizin hardasa tamamilə eyni olduğunu söyləyən
natiq xırda fərqliliklərin ümumi işimizə heç bir mənfi təsir göstərməyəcəyinə
əmin olduğunu bildirdi. Natiq bu cüzi fərqliliklərin “KARDEŞ” və “QARDAŞ”
sözləri arasındakı səs fərqində olduğu qədər nəzərəçarpmaz olduğuna diqqət
çəkərək Azərbaycan və Türkiyə türklərini bundan sonra da həmrəy olmağa çağırdı.
Tədbirin rəsmi hissəsinin sona çatdığını
elan edən R. Şahhüseynli bütün qonaqları bir neçə növ milli xörəklərimizlə və
çeşidli içkilərlə bəzədilmiş masalara dəvət etdi. Bayram ziyafəti canlı musiqi
ifası ilə, birlikdə mahni oxumaqla, rəqs etməklə və şer söyləməklə davam etdi.
Dörd saata yaxın davam edən tədbir Yaponiyada çox
oynanılan “Bingo” oyunu ilə
yekunlaşdı. Oyunun qaliblərinə Azərbaycandan gətirilmiş hədiyyələr—Azərbaycan
şərabı, Xədicə xanımın (R. Şahhüseynlinin nənəsi) əl işi olan Zəngəzur naxış
üslubu ilə toxunmuş isti yun corablar və Vətənimizin görməli yerlərinin
fotoşəkilləri hədiyyə edildi.
Qonaqlara təşəkkürünü bildirən R.
Şahhüseynli həmvətənlərimizi Həmrəylik Günü münasibətilə, bütün qonaqları isə
Yeni İl münasibətilə təbrik etdi. Beləcə, Yaponiyada ilk dəfə olaraq
Azərbaycanlılar Həmrəylik Gününü yüksək səviyyədə təşkil olunmuş ziyafətlə
təntənəli şəkildə qeyd etmiş oldular.
ÇGeri
Tədbirdən şəkillər:
|