Azərbaycan-Yaponiya mail  qrupuna üzv olmaq üçün buraya daxil olun.

 
Home
Up

             

                    

              

       

    31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin  Yaponiyada keçirdiyi tədbirlə əlaqədar Azadinform İnformasiya Agentliyinin müxbiri Ramil Qasımzadənin AYDC sədri Rəhman Şahhüseynlidən aldığı müsahibənin mətni:
28 Dekabr 2002

(Musahibənin xülasəsi "İki Sahil" qəzetinin 3 Yanvar 2003 saylı buraxılışında,"Nəbz" bölümündə "Həmrəylik Günü Yaponiyada da qeyd olunub" başlığı altında dərc olunub. http://www.ikisahil.com/2003/01/03/

1. Rəhman, Vətəndən uzaqda Yaponiyada yaşamaq cətin deyil ki?

— Ramil, əvvəla, bizlərə göstərdiyiniz qayğı və diqqətə görə Sizə və sizin simanızda bütün mediya mənsublarına dərin təşəkkürümü bildirirəm. Müsahibəmizə başlamazdan əvvəl, bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibəti ilə təbrik edir, bu münasibətlə Xalqımıza birlik və həmrəylik, firəvan həyat, Vətənimizə isə xoşbəxt gələcək arzulayıram.

Elədir, Ramil, Vətəndən uzaqda yaşamaq heç də asan deyil. Ailə, dostlar, tanışlar-- hamının ehtiyac duyduğu bu sosial faktorlardan uzaq yaşayaraq qarşıya qoyduğumuz məqsədlərimizə uğurla çatmaq həddindən artıq dayanıklılık, iradə və səbr tələb edir. Başqa bir cəhət isə, burda nə qədər yaxşı yaşasaq da, heç problemimiz olmasa da, Vətəndə həmvətənlərlərlə birlikdə Vətənin yükünü çəkmək kimi şərəfli işdə, bəlli bir zaman intervalında, cismən buluna bilməməmiz təəssüf hissi ilə yaşadığımız anlardır. Çox təbii ki, bu duyğu və hissləri heç bir şey əvəz edə bilməz. Bütün bu dediklərimə, Yaponıyanın tamamiliə fərqli, özünəməxsus bir mədəniyətə və sosial həyata malik coğrafi məkan olduğunu, və burada yaşayan azərbaycanlıların sayının barmaqla sayılacaq qədər az olduğunu əlavə etsək, artıq burada yaşamağın sosial-mənəvi baxımdan asan və ya çətin olduğunu şərh etməyə eytiyac qalmır.

2. Azərbaycanın təbliği istiqamatində nə kimi işlər görürsünüz və gələcəkdə nələr etmək niyyətindəsiniz?

— Bu sual çox sadə və sadəliyi qədər də dərin məna və əhəmiyyət kəsb edir. Bu sualı sadəcə xaricdə yaşayan həmvətənlərimizə deyil, eləcədə hər bir Azərbaycan övladı özünə, ailəsinə, qohum-əqrəbasına, dostlarına soruşmalı və cavablara təqidi yanaşmalıdır. Bu iş elə bir müqəddəs və vacib işdir ki, aramsız davam etdirilməli və milli xüsusiyyət halına çevrilməlidir. Kiçik və o qədər də güclü olmayan Azərbaycanın bu milli xüsusiyyətə hər zaman ehtiyacı var, bu gün isə hər zamankından daha çox! Şəxsən mənim özümün burada gördüklərim işlərə gəldikdə isə, buraya gəldiyim gündən bu günədək bu istiqamətdə əlimdən gələnləri maksimum şəkildə etməkdəyəm.

Qısa şəkildə gördüklərim əsas işləri sadalasaq, buraya gəldiyim 9 ay ərzində (4 aprel---28 dekabr 2002 tarixinə qədər)12 orta və ali məktəbdə Azərbaycan haqqında çeşidli tədbirlər keçirmişəm; Birləşmiş Millətlər Təşkilatının programı çərçivəsində Tokyo və Senday şəhərlərində müxtəlif mövzularda keçirilən 2 beynəlxalq konfransda Azərbaycanı uğurla təmsil etmişəm; Nagoya və Nanzan Universitetlərində "Qarabağ Müharibəsi və Nəticələri" mövzusunda geniş auditoriyada seminarlar təşkil edərək mühazirə oxumuşam; Azərbaycan—Yaponiya Dostluq Cəmiyyətini təsis etmişəm…

Bu gün, burada bütün gördüyüm işlərdən sizlərə bəhs etmək niyyətində deyiləm. Amma bir epizodu sizin nəzərinizə xüsusi ilə çatdirmaq istərdim. Dünən Azərbaycan—Yaponiya Dostluq Cəmiyyəttinin bir qrup üzvləri ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününu, Aiçi əyalətinin Çita şəhərində 104 yaşlı Kenjiro və 97 yaşli Tomoko Okabe çiftinin evində qeyd etdik. Tədbirdə Azərbaycan və Yapon musiqiləri səsləndirildi, mahnılar oxunub rəqslər edildi, bu iki dost ölkənin şer və ədəbiyyatı, mədəniyyət və tarixi haqqında söhbətlər edildi. Tədbirdə məni ikiqat sevindirən hadisə, bir əsrlik həyat təcrübəsi olan Kenjiro Okabenin Azərbaycan haqqında tədbir iştirakçılarına ağizdolusu danışması oldu. Cənab Kenjiro daha 20 yaşlarındaykən Azərbaycan haqqında Avropada işgüzar səfərdə olduğunda çox şey eşidib öyrəndiyini vurğuladı. Azərbaycanı neft yataqları ilə zəngin və qədim tarixi və mədəni irsə malik bir ölkə kimi xatırladığını söyləyən Kojiro baba çox güman ki, 1918-20-ci illərdə Qafqazın ən böyük dövləti olan Azərbaycan Demokratik Respublikası barəsində eşidibmiş.

Şəkil 1. 104 yaşlı Kenjiro Okabe Azərbaycan haqqında tədbir iştirakçılarına danışır.

 

Şəkil 2. Rəhman Şahhuseynli və Kojiro Okabe Yaponiyanın Çita şəhərində qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Azərbaycan musiqisi ilə rəqs edirlər.

    Gələcəkdə görəcəyim işlərə gəlincə, yaxın zamanda Azərbaycanı geniş şəkildə tanıdacaq Yapon və İnglis dillərində kitabça nəşrini nəzərdə tutmuşam. Təbii ki, bu işdə oxuduğum Nagoya Universitetində aldığım dəstək əvəzedilməzdir. Kitabın nəşrə hazırlanmasında elmi rəhbərim, Orta Şərq və Qafqaz ölkələri üzrə mütəxəssis, Professor Dr. Nakanişi Hisae-nin nüfuzu və əməyini xüsusi qeyd etmək istərdim.

3. Yaponiyadan Azərbaycan necə gorunur?

— Ramil, Yaponiyadan Azərbaycanın necə görünməsi, hansi prizmadan və hansı təbəqə və ya qrup tərəfindən baxılmasından çox asılıdır. Prizmalar iqtisadi, siyasi, mədəni və bu kimi, təbəqə və qruplar isə siyasətçilər, iş adamları, geyri-hökumət təşkilatları, sıravi vətəndaşlar və sairələrdir. Bu sadaladıqlarımın hər birinin öz maraqlarından çıxış etdiyini nəzərə alsaq Azərbaycanın da bu maraqların sayı qədər görünüşü olacağını təxmin etmək çətin deyil. Amma sualın qoyuluşunu dəyişib "Yaponyadan Azərbaycan "görünürmü"?" qoysaq daha düzgün olar. Çünkü, bu gün Azərbaycan Yaponiyanın sadəcə bir grup iri biznes şirkətləri və siyasətçiləri üçün sadəcə enerji ehtiyatları ilə zəngin bir ölkə kimi cazibəli gəlir və bu baxımdan tanınır. Bunu yaddan çıxarmamalıyıq ki, Yaponiya təkcə bu gəldi-gedər siyasətçilərdən və bir nəçə neft biznesi ilə məşğul olan şirkətlərdən ibarət deyil. Yaponiya 126 milyon VƏTƏNDAŞın məmləkətidir. Burada "vətəndaş" sözünü xüsusi olaraq vurğulamaqda məqsədim Yaponyadakı insanların sözün klassik mənasında vətəndaş olduğunu sizlərə çatdirmaqdir. O vətəndaşlar ki, ölkənin sosial-siyasi və iqtisadi həyatında mühüm rol oynayırlar; o vətəndaşlar ki, dünyada gedən proseslərə biganə qalmadan səslərini hökumətləri vasitəsi ilə dünyaya çatdırmğı və milli maraqlarını qorumağı bacarırlar, lazim gəldikdə hökumətlərinin qərarlarına köklü dəyişikliklər etmək haqlarını özlərində saxlayırlar. Bax bizim məqsədimiz bu vətəndaşlara — cəmiyyətin "təməl daşlarına" Azərbaycanı doğru düzgün şəkildə təbliğ edib tanıtdırmaq olmalidir. Təməli möhkəm və düzgün atsaq hər cür təzyiqə sinə gərəcək qədər güclü imic və güc formalaşdıra bilərik.

4. Yaponların bizə münasibəti, əlaqələrin sıxlaşdırılması və möhkəmləndirliməsi üçün hansı tədbirlər görulməlidir?

— Bəli, Ramil, çox doğru buyurdun. Bu gün bütün dünya ölkələrində gedən iqtisadi tənəzzül və ya durğunluğa baxmayaraq, hələ də Yaponiya oz iqtisadi qüdrətini qoruyub saxlayaraq dünyada 1 nomrəli donor ölkə olaraq qalmaqdadir. Bunu nəzərə alaraq Yaponiya ilə munasibətlərdə iqtisadi əlaqələr ön plana çıxarılmalıdır. Yaponiya ilə dövlət səviyyəsində əməkdaşlıq genişləndirilməli, Yapon kapitalını iqtisadiyyatimiza cəlb etmək üçün münbit iqtisadi və hüquqi şərait yaradılmalıdır. Lazimi qədər Yapon sərmayəsini və iş adamlarını ölkəmizin bəlli iqtisadi sahələrinə cəlb etdikdən sonra bu maraqlarını qorumaq üçün Yaponya istər-istəməz ölkəmizdəki iqtisadi maraqlarına regional və siyasi maraqlarını da əlavə edəcək. Regionda gedən proseslərdə, munaqişələrin həllində Azərbaycanın mənafeyinə uyğun addımlar atmaq zərurətini həmişə siyasi kursuna daxil edəcək. Əminəm ki, ölkəmizin rəhbərliyi bütün bunları daha yaxşı təşkil etmək üçün muəyyən işlər gorürlər. Məsələn, elə bu yaxınlarda Respublika Prezidentinin sərəncamı ilə Yaponiyada səfirliyimizin açılması təşəbüsü bu yöndə atılmış mühüm addımlardan hesab olunmalıdır.

5. Rəhman, Yaponlar Yeni İli necə qarşılayırlar?

— Yeni İl qərb təqvim sistemində il dəyişməsi ilə izah edildiyindən, bu təqvimdən istifadə edən ölkələr (hətta istifadə etməyənlər belə) bu dəyişimi adət və ənənələrinə uyğunlaşdırılmış halda qeyd edirlər. Bu baxımdan Yaponların da maraqlı adətləri var.

Yaponların inancına görə, insan övladı 108 cür nəfis və pis xisləti özündə barındırır. Bunlardan ən qorxuncları isə pula, gücə, dünya malına olan nəfis, hərislik, qısqanclıq, həsəd, şöhrətpərəstlik və bu kimiləridir. Yaponlar Yeni İl gecəsi ibadətgahlarına toplaşıb tam il dəyişdiyi anda  ibadət zilini 108 dəfə vuraraq bu nəfis və pisliklərindən təmizləndiklərinə inanırlar.

Başqa bir Yeni İl gələnəyi isə, yaponların bütün qohum-əqrəba və dost-tanışlarına "Nengajo" (Yeni İl Kartı) göndərməsidir. Yeni İl hansı heyvan üstündə gəlirsə həmin heyvanın şəkli təsvir olunmuş kartlar oktyabr ayından etibarən Yaponyanın bütün poçt məntəqələrində satışa çıxarılır. Kartın üzərinə Yeni İl diləkəri yazıldıqdan sonra dekabr ayının sonuna qədər poçt qutularına atılır. Bu xüsusi kartlar Yeni İlin ilk günü ünvanlarina çatdırlır. Hər bir yapon ailəsi bu münasibətlə hər il orta hesabla 200-ə yaxın Yeni İl kartı göndərir və bir o qədər də həmin kartlardan alır. Kartların üstündəki rəqəmlər isə muxtəlif qiymətli əşya və hədiyyələrin çıxarıldığı uduşlu lotoreyada oynayır. Beləcə bu kartları alıb göndərməklə hər bir yapon həm yaxınlarının Yeni İlini təbrik edir, həm də ölkə iqtisadiyyatına xeyli qatqıda bulunmuş olur. Arzu edərdim ki, nə vaxtsa Azərbaycanda da buna bənzər faydalı, millətimizin birliyinə və iqtisadiyyatımızın güclənməsinə xidmət edən adət-ənənə formalaşsın.


Bir daha, bütün həmvətənlərimizə Həmrəylik Günü və Yeni İl munasibətilə bitib tükənməyən xoş arzularımı çatdırır, Allahdan xalqımıza qırılmaz iradə, aşırı vətənpərvərlik, möhkəm birlik, düşmənlərimizə qarşı mübarizədə qəddar və amansız olmalarını diləyirəm! Çünki bütün bunlar işgal altında olan torpaqlarımızı azad etmək üçün ən zəruri "silahlarımız" olacaq!..     

ÇGeriÇ

Bizə yazın-Contact us-お問い合わせ はこちら